Peru Konqresi ölkənin daxili işlərinə qarışdığını iddia etdiyi Meksika prezidenti Andres Manuel Lopez Obradoru ölkədə “persona non-qrata” elan edib.
Elchi.az xəbər verir ki, Peru Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilən səsvermədə qərar 11 lehinə, 1 əleyhinə və 3 bitərəf olmaqla qəbul edilib. Bildirilib ki, Konqresin əsasnaməsinin 68-ci maddəsinə uyğun olaraq, qətnamə təsdiq olunmaq üçün Baş Assambleyada müzakirəyə çıxarılacaq.
Lopez Obradorun Peru ilə bağlı son açıqlamalarını “qəbuledilməz” adlandıran konqresmen Patricia Chirinos, Meksikanın beynəlxalq hüququ pozduğunu bildirib.
Çirinos Lopez Obradoru ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb və əlavə edib: “Meksika prezidentinin sözləri peruluları ələ salmaq və ölkəni parçalamaq deməkdir”,- qiymətləndirməsini edib.
Peru prezidenti Dina Boluarteni tənqid edən Lopez Obrador mayın 15-də Milli Sarayda verdiyi açıqlamada keçmiş prezident Pedro Kastilyonun haqsız yerə həbs edildiyini və Boluartenin Kastilyonun ofisini qəsb etdiyini bildirib.
Lopez Obrador bildirib ki, Kastilyo azad və demokratik seçkilərdə qalib gəlib..
Perunun mövcud hökumətinin qanuni olmadığını hər fürsətdə müdafiə edən Lopez Obrador, rəhbərlik etdikləri Sakit Okean Alyansının dövr prezidentliyini Peruya təhvil verməyəcəklərini açıqlayıb.
Nuranə Məmmədova





