AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev Şəki Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzasına məhkum ediliblər.
***
Yanvarın 15-də polis tərəfindən saxlanılan AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev Şəki Rayon Məhkəməsinə aparılıb. Digər fəal Rauf Abdulrəhmanlı azad buraxılıb.
R. Abdulrəhmanlı Turan-a bildirib ki, Əli Abdullayev İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq), Mübariz Abdulkərimov isə İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.
Fəallar jurnalist Xədicə İsmayıla dəstək məqsədilə Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına Azərbaycan və ingilis dillərində “Xədicəni azad et!” yazılmış plakatlar yapışdırıldıqdan bir gün sonra saxlanılıblar.
***
Şəki polisi AXCP fəallarının həbsinə başlayıb. Bu haqda məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı öz “facebook” səhifəsində paylaşıb. Həmin məlumatı təqdim edirik.
“Bildiyiniz kimi, vicdan məhbusu, jurnalist Xədicə İsmayıla dəstək məqsədilə dünən Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına üzərində azərbaycan və ingilis dillərində “Xədicəni azad et” yazılmış plakatlar yapışdırılıb. Şəki polisi plakatları yapışdıranların axtarışına çıxmış və AXCP Şəki şöbəsinin rəhbərliyini və fəallarını hədəfə almışdır. Bu gün axşam saatlarında şöbə sədrinin müavini Mubariz Abdulkerimov şəhərdə saxlanılaraq avtomobili ilə birlikdə polis idarəsinə aparılıb. Hazırda Mübariz bəy polis idarəsindədir və idarənin qarşısında gözləyən şöbə fəallarına heç bir məlumat verilmir, onlara qarşı kobudluq edilir. Məlumat üçün polis idarəsinə müraciət edən Ali Məclis üzvü Əli Abdullayevi də bu dəqiqələrdə həbs ediblər. Şöbənin sədri Rauf Abdurehmanli isə Bakıdan yola çıxdığı üçün hələ də polis idarəsinə çatmayıb. Görünür gecə saatlarında AXCP Şəki şöbəsinin fəallarına qarşı hücuma keçmək tapşırığı lap yuxarıdan verilib”.



