Bildirilib ki, Şimali Koreyanın səhər saatlarında peyk buraxması raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən uğursuz olub.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın CNA agentliyinin xəbərinə görə, “Ölkənin şimalındakı Sohae Peyk Mərkəzindən atılan “Malligyong-1” hərbi kəşfiyyat peyki daşıyıcı raketi ilə Koreya yarımadasının qərbində dənizə düşüb.
Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsindən (NADA) verilən açıqlamada, daşıyıcı raketin ikinci mərhələ alovlanma sisteminin vaxtında işləməməsi səbəbindən sürətlənməni itirdiyi bildirilib.
Başlama ilə əlaqədar Cənubi Koreyanın paytaxtı Seulda və Yaponiyanın Okinava adasında sirenlərlə xəbərdarlıq edilib.
Cənubi Koreyanın Baş Qərargah Rəisləri Şimali Koreyanın şimal-qərb sahilindən atılan raketin “Eocheong” adasından 200 kilometr uzaqlığa düşdüyünün müəyyən edildiyini və dənizə düşən raketin bir hissəsini ələ keçirdiklərini bildirib.
Prezident yanında olan Milli Təhlükəsizlik Şurası vəziyyəti həll etmək üçün fövqəladə iclas keçirərkən, Şimali Koreyanı raketə görə qınayan bir bəyanat verib.
“Uğursuz olub-olmamasından asılı olmayaraq, bu buraxılış BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması və Koreya yarımadasında sülh və təhlükəsizliyə ciddi təxribatdır”, – bəyanatda deyilib.
Yaponiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri arasında telefon danışıqları aparılıb və tərəflər raketin buraxılışını “qətiyyətlə pisləyib”.
Buraxılış Şimali Koreyanın 2016-cı ildən bəri 6-cı uğursuz peyk buraxma cəhdi idi.
Pxenyan administrasiyası Yaponiyaya və Beynəlxalq Dəniz Təşkilatına peyki mayın 31-dən iyunun 11-dək göndərəcəyi barədə məlumat vermişdi.
Nuranə Məmmədova




