UEFA Avropa Liqasının finalında əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan İtaliya təmsilçisi “Roma”nı penaltilər seriyasında 4:1 hesabı ilə üstün tutan İspaniya təmsilçisi “Sevilya” çempion olub.
Elchi.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkas Arena”da oynanılan finalda Sevilya və Roma Avropa futbolunun klub səviyyəli 2 nömrəli kubokunu öz muzeylərinə gətirmək üçün mübarizə aparıblar.
Mübarizənin ilk periodu Romalıların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Üstünlüyünü qorumaq üçün çox geri çəkilən Roma ilə qarşılaşan “Sevilya” 55-ci dəqiqədə hesabı bərabərləşdirib.
Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb və əlavə vaxta start verilib.
Matçın əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və Avropa Liqasının çempionu penaltilər seriyası ilə müəyyənləşib.
Penaltilərdə rəqibinə 4:1 hesablı üstünlük təmin edən “Sevilya” Avropa Liqasında 7-ci dəfə çempion olub.
“Sevilya” turnirdə 7-ci titulunu qazanıb
UEFA Avropa Liqasının finalında İtaliyanın “Roma” komandasını penaltilər seriyasında məğlub edən İspaniya təmsilçisi “Sevilya” turnirdə 7-ci çempionluğunu qazanıb.
İspaniyalı çalışdırıcı Xose Luis Mendilibarın idarə etdiyi “Sevilya” ən uğurlu komanda adını daşıdığı turnirdə 7-ci finaldan kubokla ayrılıb.
2006, 2007, 2014, 2015, 2016 və 2020-ci illərdə xoşbəxt sonluqla bitən “Sevilya” bu il Roma səddini keçərək kuboka yüksəlib.
Nuranə Məmmədova






