Argentinada prezident Kristina Kirşnerin və xarici işlər naziri Ektor Timermanın İranla gizli sövdələşməyə girdiyini üzə çıxaran prokuror Alberto Nismanın meyiti tapılıb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, prokurorun meyiti yaşadığı evdə aşkar edilib. Ölümün səbəbləri haqda hələlik açıqlama verilmir.
Ötən həftə A.Nisman mətbuat konfransı keçirərək bildirib ki, prezident və xarici işlər naziri İranla gizli sövdələşməyə girərək bu ölkənin Buenos-Ayresdə 1994-cü ildə yəhudi mədəniyyət mərkəzində törədilmiş terror aktında əlinin olduğunu ört-basdır etməyə razılaşıb. Əvəzində Argentina İrandan taxıl əvəzində neft alıb.
Prokuror hakimi prezidenti və xarici işlər nazirini dindirməyə, habelə onların əmlakına həbs qoymağa çağırmışdı. Həmçinin A.Nisman hakimiyyətə yaxın daha bir neçə siyasətçiyə qarşı ittiham irəli sürüb, onların İranla danışıqlarda vasitəçilik etdiyini bildirib.
Argentina KİV-ləri xəbər verir ki, A.Nismanın cəsədi bu gün səhər Buenos-Ayresdəki mənzilinin vanna otağında aşkar olunub.
Parlamentin üzvü Patrisiya Bulriç bildirib ki, prokuror A.Nisman bu gün deputatlar qarşısında prezidentə qarşı apardığı təhqiqatın detallarını açıqlamalı və ona qarşı irəli sürdüyü ittihamları əsaslandırmalı idi.
Qeyd edək ki, Argentinada 1994-cü ildə törədilmiş terror aktında 84 nəfər ölüb, bu terror aktının təşkilində İranın keçmiş prezidentləri Haşimi Rəfsəncani, Mahmud Əhmədinejad və digər rəhbər şəxslərin əlinin olduğu bildirilir. İnterpol onların yaxalanması üçün order də çıxarıb.



