İran və Əlcəzairin iqtisadiyyat nazirləri cümə axşamı Avstriyanın paytaxtı Vyanada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) konfransı çərçivəsində danışıqlar aparıblar.
Elchi.az bu barədə Tasnimnews.com-a istinadən xəbər verir.
İranın İqtisadiyyat və Maliyyə naziri Ehsan Xanduzi görüşdə İran prezidenti İbrahim Rəisi administrasiyasının müsəlman ölkələri ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində siyasətini qeyd edib:
“Əlcəzair tərəfinin yüksək marağı nəzərə alınaraq, iki ölkə arasında ticarət və investisiyaların artırılması məqsədilə müzakirə mövzularının bu ayın sonuna qədər iki ölkənin ekspert qrupları tərəfindən öyrənilməsi qərara alınıb”, – deyə iranlı nazir bildirib.
O, İran və Əlcəzairin xüsusilə iqtisadi sahədə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün yüksək potensial və imkanlara malik olduğunu vurğulayıb.
Görüşdə tərəflər həmçinin iqtisadi əməkdaşlıq mövzularının təsdiqi üçün müvafiq yolların yaradılması barədə razılığa gəliblər.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) Asiya-Sakit Okean regionunda azad ticarətin inkişafına kömək edən 21 üzvdən ibarət hökumətlərarası konfransdır.
Yeganə




