Böyük Britaniyanın İqlim və Ətraf Mühit Naziri Zak Qoldsmit baş nazir Rişi Sunakı iqlim dəyişikliyinə həll yolu tapmaqda maraqlı olmamaqda ittiham etdikdən sonra istefa verib.
Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Qoldsmit belə bir vəzifə tutmağın onun üçün bir imtiyaz olduğunu bildirib. Onun sözlərinə görə, o, Böyük Britaniyanı qlobal iqlim dəyişikliyi probleminin həllində dünya liderlərindən birinə çevirməkdən xoşbəxtdir. Eyni zamanda, nazir hakimiyyətin davranışından, xüsusən də baş nazir Rişi Sunakın hərəkətlərindən narazı qalıb.
Qoldsmit yazır: “Bizim üzləşdiyimiz ən böyük problem qarşısında hökumətin bu laqeydliyi işimi davam etdirməyimi qeyri-mümkün edir”.
Xüsusilə o, Sunakın Parisdə keçirilən ekoloji sammitə getməkdənsə, ziyafətə qatılmağa üstünlük verdiyini yazıb. Nazir İngiltərənin tutmadığı iqlim vədlərini də sadalayıb.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak qlobal iqlim dəyişikliyi probleminin həlli ilə bağlı vədləri ələ salmaqda günahlandırılıb.
Nuranə Məmmədova






