İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hava hücumunda 4 fələstinlinin həyatını itirdiyi, 27 nəfərin isə yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, gecə saatlarında zirehli texnika və tikinti texnikası ilə işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə daxil olan İsrail qüvvələri pilotsuz uçuş aparatları ilə hücuma keçib.
Cenin Qaçqınlar Düşərgəsinin mühasirəyə alındığı basqın səbəbilə şəhərin hər yerində qarşıdurma yaşanıb. Fələstinlilər İsrail qüvvələrinin qarşısını almaq üçün təkərləri yandırarkən, Ceninlilər məscidin səsgücləndiriciləri vasitəsilə küçələrə çıxmağa çağırılıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qarşıdurmalarda ən azı 4 fələstinlinin öldüyü, 27 nəfərin yaralandığı bildirilib. İsrail ordusundan verilən açıqlamada İordan çayının qərb sahilindəki Cenin Briqadaları komandanlıq mərkəzində anti-terror əməliyyatının keçirildiyi bildirilib.
Fələstin Rəyasət Heyətinin bəyanatında İsrail qüvvələrinin Ceninə hücumunun növbəti hərbi cinayət olduğu və bölgədə təhlükəsizlik və sabitliyi pozduğu qeyd edilib. Bəyanatda beynəlxalq ictimaiyyət səssizliyini pozmağa və İsrailin Fələstinə təcavüzünü dayandırmaq üçün ciddi addımlar atmağa çağırılıb.
Digər tərəfdən, Ramallah şəhərində nəzarət-buraxılış məntəqəsində başından güllə yarası alan bir fələstinlinin öldüyü açıqlanıb.
Nuranə Məmmədova




