Pakistanın Pəncab və Hayber Paxtunxva əyalətlərində güclü yağış və tufanlar nəticəsində 10 nəfər həyatını itirib.
Pakistanın Pəncab əyalətinin inzibati mərkəzi olan Lahor şəhərinə güclü yağış yağıb. Kanalizasiyaların daşması, küçə və prospektlərin göllərə çevrilməsi, nəqliyyat vasitələri yollarda sıxışıb qalıb. Şəhərin müxtəlif yerlərində elektrik enerjisində fasilələr yaranıb.
Elchi.az xəbər verir ki, Pəncabın baş naziri Möhsün Rza Nəqvi jurnalistlərə açıqlamasında elektrik cərəyanı, damın uçması və boğulma nəticəsində 7 nəfərin öldüyünü bildirib. Lahor rəsmisi Məhəmməd Əli Randhava bildirib ki, şəhərə son 10 saat ərzində rekord miqdarda 290 millimetr yağıntı düşüb.
Meteorologiya xidməti xəbərdarlıq edib ki, Lahorda yağışların növbəti 24 saat ərzində davam edəcəyi gözlənilir.
Güclü yağış və tufan Hayber Paxtunxva əyalətində də təsirli olub. Ağacların aşması nəticəsində 3 nəfər ölüb. Milli Fəlakətlərin İdarə Olunması Agentliyi yağışların iyulun 8-dək təsirli olacağı barədə xəbərdarlıq edib.
Nuranə Məmmədova




