Rusiya səfirliyi nəqliyyat vasitələrinin ələ keçirilməsi ilə bağlı vəziyyət aydınlaşana qədər Almaniyaya Rusiya nömrəli avtomobillərlə daxil olmamağı tövsiyə edib. Elchi.az xəbər verir ki, bu barədə səfirliyin “Telegram” kanalında məlumat verilib.
Diplomatik nümayəndəlik Rusiya avtomobillərinin həbsi hallarından xəbərdar olduqlarını, bunun Almaniyanın Xarici ticarət haqqında qanununun pozulması əsasında edildiyini bildirib. Avropa İttifaqının qanun və qaydaları Rusiya mallarının, o cümlədən avtomobillərin Almaniyaya idxalını qadağan edir.
Səfirlik Almaniya hakimiyyətinin avtomobillərin şəxsi mülkiyyətdə olması və satış üçün nəzərdə tutulmaması ilə bağlı arqumentləri eşitmək istəmədiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Almaniya Baş Gömrük İdarəsinin Mərkəzi İnformasiya İdarəsi sanksiyalarla əlaqədar Rusiya nömrəli avtomobillərin ruslardan müsadirə oluna biləcəyini bildirib.
Havar Şəfiyeva






