Malidə Birləşmiş Millətlər Təşkilatının (BMT) Mali Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) karvanına silahlı hücum nəticəsində 3 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, MINUSMA-nın verdiyi açıqlamaya görə, ölkənin daxili hissəsindəki Ansonqo yerində naməlum silahlı şəxslər hərəkətdə olan logistika karvanına hücum edib. İlkin məlumata görə, hücum nəticəsində 3 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.
Həmin gün konvoya 15 kilometr irəlidə ikinci dəfə hücum edilib. Bu hücumda ölən və yaralanan olmayıb.
Niger sərhədindəki Labbezenga yerindən Ansonqoya doğru irəliləyən karvan 35 yük maşınından ibarət olub.
Hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb, Ansonqonun yerləşdiyi Qao bölgəsində Afrikadakı DEAŞ ünsürlərinin aktiv olduğu məlum olub.
MINUSMA terror hücumlarında verdiyi itkilərə görə “dünyanın ən təhlükəli sülhməramlı missiyası” hesab edilir.
Nuranə Məmmədova





