Putin Rusiyada əcnəbilərin bank hesablarının açılmasının sadələşdirilməsi haqqında qanun imzalayıb
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin əcnəbilər üçün Rusiya banklarında hesabların və əmanətlərin açılmasını sadələşdirən qanunu imzalayıb. Yeni qaydalara əsasən, Rusiyada bank hesabı açmaq üçün artıq əcnəbilərin şəxsən iştirakına ehtiyac yoxdur.
Yenilənmiş qaydalar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” federal qanuna daxil edilib və on gün ərzində qüvvəyə minəcək.
Bu qanun Vladimir Putinin fərmanı ilə hazırlanıb və Visa və Mastercard-ın Rusiyanı tərk etməsi səbəbindən Rusiya Federasiyası ərazisində kartları ilə ödəniş imkanını itirmiş xarici turistlərin problemini həll etməyə yönəlib.
Rusiya banklarında hesab açmaq üçün xarici turistlər öz ölkələrindəki bankla əlaqə saxlamalı və identifikasiyadan keçməlidirlər, bundan sonra onlar Rusiyada yeni hesab aça və burada yeni kart ala biləcəklər. Eyni zamanda, xarici fiziki şəxsin adından 50.000 rubl və ya daha çox məbləğdə pul əməliyyatları məcburi nəzarətə məruz qalacaq.
Nuranə Məmmədova





