Kolumbiyada hökumətlə silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusunun (ELN) nümayəndə heyəti arasında atəşkəs razılaşmasının yol xəritəsini müzakirə etmək üçün görüş keçirilib.
Elchi.az xəbər verir ki, Kubanın paytaxtı Havanada bir araya gələn tərəflər avqustun 3-də başlayacağı açıqlanan “Milli ikitərəfli atəşkəs razılaşması”nın detallarını və bundan sonra görüləcək məsələləri müzakirə ediblər.
“ELN” nümayəndə heyəti hökumətdən atəşkəs rejiminə riayət etməyi, kənd yerlərində humanitar vəziyyətin yaxşılaşdırılmasını, vətəndaş hüquq və azadlıqlarının qorunmasını, əhalinin sağlamlığı və humanitar yardım missiyalarını yerinə yetirməyi, həmçinin atəşkəs rejiminə təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyi tələb edib.
Məlumat verilib ki, atəşkəs üzrə yol xəritəsi və razılaşdırılmış protokollara əməl olunması Monitorinq və Yoxlama Mexanizmi vasitəsilə həyata keçiriləcək.
Hökumət “ELN”-ə qarşı əməliyyatları dayandırmışdı.
Prezident Qustavo Petro iyulun 6-da “Casa de Narino” Prezident sarayında verdiyi bəyanatda “ELN”-ə qarşı hərbi əməliyyatların dayandırıldığını bəyan etdi və “Milli ikitərəfli atəşkəs sazişi” fərmanını imzaladı.
“ELN” birtərəfli atəşkəs elan etdi.
İyulun 4-də verdiyi bəyanatda “ELN” bütün bölmələri üçün iyulun 6-dan qüvvəyə minən avqustun 3-dək atəşkəs elan edib.
Açıqlamada, Kolumbiya hökuməti ilə Kubada imzalanan 6 aylıq müvəqqəti atəşkəs razılaşması çərçivəsində təşkilatın 6 iyul-3 avqust tarixlərində ordu və polis qüvvələrinə qarşı hərəkətlərinin dayandırılmasına qərar verdiyi bildirilib.
6 aylıq müvəqqəti atəşkəs imzalanıb.
Kolumbiya hökuməti ilə silahlı üsyançı təşkilat “ELN” arasında Kubada başlayan danışıqların üçüncü raundu iyunun 9-da “6 aylıq müvəqqəti atəşkəs razılaşması”nın imzalanması ilə başa çatıb.
Bildirilib ki, tərəflər arasında 180 günlük müvəqqəti atəşkəs avqustun 3-dən etibarən həyata keçiriləcək.
Nuranə Məmmədova




