Ekspert: “Kreml istəyir ki, ermənilər öz yerlərində oturub ruslara köləliklərini davam etdirsinlər…”
Azərbaycan ordusu ilə işğalçı qüvvələrin təmas xəttində gərginlik son günlər xeyli dərəcədə artıb. Söhbət Dağlıq Qarabağla yanaşı, həm də Azərbaycan-Ermənistan sərhədi boyu vəziyyətin gərginləşməsindən gedir. Diqqət çəkicidir ki, bu günlər cəbhə xəttində erməni tərəf ciddi itkilər verməkdədir. Təkcə yanvar ayında düşmən ölkənin 14-dən çox hərbçisi öldürülüb, onlarla yaralısı var.
Maraqlıdır ki, istər Qarabağ zonası olsun, istərsə də Azərbaycanla sərhəd rayonları, öldürülən erməni hərbçilər arasında zabitlər, kontrakt əsasında xidmət edən muzdlu döyüşçülər kifayət qədərdir. Yəni düşmənin yetərincə peşəkar qüvvələri sarsıdıcı zərbələr almaqdadır və bu, ordumuz adına, əlbəttə ki, qürurvericidir. Lakin bəzi təhlilçilərə görə, təmas xəttində müşahidə edilən və vaxtaşırı iri çaplı silahlar da istifadə olunmaqla qanlı döyüşlərə keçdiyi son gərginlik hansısa qorxulu planın işartıları da ola bilər.
Cəbhədəki son gərginlikdə yenə “Kremlin barmağı”nın göründüyünü bir sıra ekspertlər qeyd edirlər. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, Qarabağ cəbhəsində hərbi aktivliyin artması Rusiyanın və Ermənistan hakimiyyətinin siyasi maraqları kontekstində baş verir: “Bunun kökündə konkret siyasi məqsədlər var. Ermənistanda erməni ailəsinin Rusiya hərbçisi tərəfindən qətlindən sonra Ermənistan cəmiyyətində Rusiyaya qarşı hərəkətlənmə başladı. Rusiya düşünür ki, Ermənistan ictimaiyyətinin Rusiyaya qarşı aqressivləşməsində Qərbin marağı və rolu var. Ona görə də böyük ehtimalla Moskva erməniləri Qarabağ müharibəsinin hər an başlaya biləcəyi və Azərbaycanın Ermənistanı əzəcəyi ilə qorxutmaq istəyir. Moskvanın əlində oyuncaq olan Sərkisyan rejimi ona verilən sifarişlə atəşkəsi ardıcıl pozur və Azərbaycan ordusundan sərt cavab zərbəsi alır. Sevindiricidir ki, son bir neçə həftədə müşahidə olunan atışmalarda Azərbaycan ordusu itki verməyib, ermənilərin itkiləri isə 10 nəfərdən yuxarı olub. Belə vəziyyət Rusiyaya ona görə lazımdır ki, Rusiyaya qarşı qəzəblənmiş erməni ictimaiyyətində ”Rusiya üzərimizdən əlini çəksə, Azərbaycan ordusu nəinki Dağlıq Qarabağa, hətta İrəvana qədər gedib çıxa bilər” rəyi, xofu yaransın”.
N.Miri qeyd etdi ki, Rusiyanın Ermənistana hərbi dəstəyi olmayacağı halda, Azərbaycan ordusu işğal edilmiş bütün ərazilərimizi azad etmək, hətta hazırda Ermənistan əraziləri sayılan tarixi Azərbaycan torpaqlarını da geri qaytarmaq gücündədir: “Kreml istəyir ki, ermənilərə bu reallığı başa salsın və ermənilər yerlərində oturub ruslara köləliklərini davam etdirsinlər. Rusiyanın ən təsirli silahlarından biri budur ki, Ermənistanda azacıq anti-Rusiya ovqatı hiss olunan kimi Qarabağ cəbhəsində gərginlik, təxribatlar, ardıcıl atəşkəs pozulması halları baş verir. Artıq son günlər Rusiyanın nəzarəti altında olan bir sıra erməni media orqanları təbliğat aparırlar ki, Rusiya Ermənistanı müdafiə etməsə Azərbaycan tankları bir həftəyə İrəvana gəlib çıxar. Bu təbliğat da şübhəsiz ki, erməni ictimaiyyətinin gözünü qorxutmaq üçündür. Düzdür Rusiyanın əlində erməniləri qorxutmaq üçün iqtisadi rıçaqlar da var. Məsələn, qazın qiymətinin qaldırılması, Ermənistana göndərilən bir çox məhsulların ixracının dayandırılması, Ermənistandan Rusiyaya satılan bəzi məhsulların qarşısının alınması da qorxu yarada bilər. Ancaq bu addımlar Rusiyaya sərf etmir. Rusiyaya o sərf edir ki, özünün adı ortada olmadan ermənilərdə xof yaratsın. Bu isə Qarabağda müharibə təhlükəsinin olduğunun hiss etdirilməsidir”.
“Son günlər baş verənlər uzun müddətli müharibə başlayacağı halda Azərbaycan ordusunun irəli getmək imkanlarının olduğuna dəlalət edirmi” sualına cavabında isə ekspert bildirdi ki, Azərbaycan ordusunun üstünlükləri Ermənistan ordusundan qat-qat çoxdur. Əgər uzun müddətli müharibə başlayarsa, çox az zamanda Azərbaycanda 500 minlik ordu səfərbər etmək imkanı var. Üstəlik texniki, maddi təchizat baxımından bütün dünyaya bəllidir ki, dəfələrlə işğalçı Ermənistan ordusundan üstündür: “Ona görə də hesab edirəm ki, Ermənistanın indiki acınacaqlı durumunda Azərbaycan ordusunun bütün işğal olunmuş rayonlarımızı azad etmək imkanı var. Ancaq məsələ bundan ibarətdir ki, dünya gücləri belə bir müharibəyə imkan verəcəkmi? Dünya gücləri Dağlıq Qarabağ cəbhəsində uzunmüddətli savaşın olmasını istəmirlər. Çünki bu savaş olduğu halda Ermənistan dövlətinin darmadağın olacağını bilirlər. Qərb dünyası öz geosiyasi maraqlarını qorumaq üçün də bu regionda müharibənin başlamasını istəmir. Çünki bu savaşın təkcə Azərbaycan və Ermənistanla məhdudlaşmayacağı, böyüyüb qlobal bir savaşa çevrilməsi ehtimalının da olduğunu Qərb bilir. Eyni zamanda, Rusiya da seçim qarşısında qalmaq istəmir. Rusiya bilir ki, uzun müddətli müharibə başlayacağı halda Ermənistana açıq dəstək verərsə, Azərbaycan kimi əhəmiyyətli ölkəni itirmiş olacaq, Ermənistanı müdafiə etməyəcəyi halda isə ordumuz bu işğalçı dövləti diz üstə çökdürəcək”.