Əməkdaşımız paytaxtın dərman satışı şəbəkəsindəki çatışmazlıqlardan yazır; preparatların vahid qiymətə satılmaması xəstələrə əlavə problem yaradır…
Apteklərdə satılan dərman preparatlarının qiyməti eynilik təşkil etmir. Paytaxtın mərkəzində hər hansı bir aptekdən alınan dərmanın qiyməti ilə şəhərdən kənarda yerləşən apteklərdə satılan dərmanların qiyməti yerlə gör qədər fərqlənir. Bəzən eyni adlı dərman preparatı dörd müxtəlif qiymətə satılır.
Buna görə də xəstəxanaya yolu düşənlər əlində resept bəlkə də günlərlə aptekləri gəzir ki, daha ucuz satılan yeri tapsın. Bir neçə gün vaxt və əsəb gərginliyi sərf edərək gəzən alıcılar müqayisə apardıqdan sonra nisbətən ucuz yeri seçib üz tuturlar. Bir neçə gün vaxt itkisi isə təcili dərman lazım olan xəstələrin səhhətinə mənfi təsir edir. Mütəxəssislər bildirirlər ki, dərmanların satışından əldə olunan gəlir təkcə aptek sahiblərinin yox, bir çox həkimlərin də cibinə gedir. Belə ki, xəstəxanalarda çalışan bəzi həkimlər buradan özünə müəyyən faiz götürür. Bunun özü də dərman satışını həyata keçirən müəssisə rəhbərinə qiyməti qaldırmaq fürsətini verir.

Apteklər arasında ciddi qiymət fərqini araşdırmaq üçün əlimizə bir resept alıb bir neçə aptekə baş çəkdik. Şəkər xəstələri üçün nəzərdə tutulan Lantus iynəsi 1 aptekdə 11 manat, digərində isə 10 manata satılırdı. Təzyiq iynəsi olan kofeinin bir kapsulası Təbriz küçəsi adlanan ərazidə 20 qəpik, “Neftçilər” metrosu yaxınlığındakı aptekdə isə 50 qəpiyə satılırdı. Aksen Fort ağrı kəsicinin 1 ədədinin qiyməti “28 May” metrosu yaxınlığında 40 qəpik, “Əhmədli” metrosu yaxınlığında isə 30 qəpiyə satılırdı.
“Neftçilər” metrosu yaxınlığındakı aptekdə olduğumuz vaxt bir alıcının əlindəki resepti hesablatdırıb, amma heç nə almayıb ümidsizliklə aptekdən uzaqlaşmasının şahidi olduq. Alıcıya yaxınlaşıb apteklərdəki qiymət fərqi ilə bağlı fikrini aldıq.
Simuzər Ağayeva kimi özünü təqdim edən qadın əlindəki reseptin 142 manat pul tutduğunu dedi: “Resept həyat yoldaşımındı. O xəstədir və bu dərmanlar təcili alınmalıdır. Amma qiymətlərə baxanda bunu necə alacağıq, bilmirəm. Elə 150 manat təqaüd alıram. Onun 142 manatını dərmana verib, bir ayı necə dolanaq, nə yeyib, nə içək? Artıq 3-cü aptekdir gəzirəm. Gedib evimin yanındakı aptekdən alacam. Orada dərmanların qiyməti burdakından 22 manat az tutmuşdu. Yarısını da nisyə alaram, başqa çarəm yoxdur”.
Qiymətlərin niyə belə fərqli olduğunu soruşduqda əczaçı xanım “bizə nə qiymət deyirlərsə, o qiymətə də satırıq” deyə cavab verdi. Aptekin də nisyə dəftərinin olub olmadığı ilə maraqlandıq. Əczaçı xanım qalın bir dəftər çıxararaq onun nisyə dəftəri olduğunu dedi: “Dərmanlar bahadır. Bəzən elə əlacsız adam olur ki, o dərmanı təcili almalıdır. Ancaq pulu olmur. Belə olanda tanıdıqlarımıza nisyə dərman satırıq. İnsanlıq halıdır deyirik. Sağ olsunlar ki, dedikləri vaxt gətirib qulunu verirlər”.
Qeyd edək ki, bir neçə gün öncə baş nazirin müavini Əli Əhmədov da açıqlamasında dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində işlər aparıldığın bildirib. Ə. Əhmədov Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarətin ciddi şəkildə artırılmalı, həm də onların qiymətinin süni surətdə bahalaşmasının qarşısının alınmasının vacibliyini vurğulayıb: “Bunun bir neçə variantı ola bilər. İndi bununla əlaqədar yəqin ki, Azərbaycan hökuməti normativ bir sənəd qəbul edəcək. Ümumiyyətlə, bununla bağlı Milli Məclisdə təklif etdim ki, dərmanların qiymətinin yuxarı həddi müəyyən edilsin. Hər dərman, hər preparat üçün. Hər adamın dərman satmaq imkanı olmasın. Ondan aşağı kim istəyirsə sata bilər. İndi Azərbaycan hökuməti, Nazirlər Kabineti normativ aktı qəbul edəcək, yəni yuxarı hədd müəyyən edəcək”.
Xatırladaq ki, digər ölkələrin əksəriyyətində dərman preparatlarının qiymətinə dövlət nəzarət edir və bütün apteklərdə dərmanlar vahid qiymətdə satılır.