Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşdə meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə etməyi gözləyir.
Elchi.az Tass.ru-ya istinadən bildirir ki, Türkiyə lideri bu barədə NATO-nun Vilnüsdə keçirilən sammitindən qayıdarkən mətbuata açıqlama verib.
“Ümid edirəm ki, Putinlə mən Rusiyadan bir neçə amfibiya təyyarəsi almaq məsələsini müzakirə edəcəyik. Çünki bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir”.
Dövlət başçısı qeyd edib ki, daha iki-üç avtomobilin alınması yanğınların söndürülməsinin səmərəliliyini xeyli artıracaq:
“Yanğınla mübarizə tədbirlərinə indicə 100 milyon lirə sərmayə qoymuşuq. Helikopterlər və təyyarələr almışıq. Təyyarələr çox səmərəlidir. Bir neçə dəqiqə ərzində dənizdən suyu yanğın yerinə çatdırırlar”, – deyə Türkiyə prezidenti bildirib.
Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanın Rusiya prezidentinin Türkiyəyə avqustda mümkün səfəri ilə bağlı sözlərini şərh edərkən bildirmişdi ki, Vladimir Putinlə Türkiyə lideri arasında görüş mümkündür, lakin hələlik dəqiq tarixlər müəyyənləşməyib.
Yeganə




