İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 15 fələstinlini həbs edib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib.
Fələstinlilərin evlərinə edilən basqınlarda Hebronda 6, Cenində isə 4 nəfər saxlanılıb.
İsrail əsgərləri Yerixo şəhərindəki Aqaba Ceber və Ayn es-Sultan düşərgələrinə də basqın ediblər. Reyd zamanı əsgərlər həqiqi güllələrdən və səs-küylü qumbaraatanlardan istifadə ediblər.
Bir fələstinlinin yaralandığı basqında iki fələstinli nəzarətə alındı. Xəstəxanaya aparılan yaralı fələstinlinin vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.
İsrail qüvvələri səhər saatlarında işğal altındakı Şərqi Qüdsün şimalındakı Kalendiyada 1 nəfəri, Ramallahın şimalındakı Birzeit qəsəbəsində isə 2 nəfəri nəzarətə götürüb.
Reydlər zamanı əsgərlər evlərin qapılarını sındırıb, əşyalara ziyan vurub, park edilmiş avtomobillərin şüşələrini sındırıblar.
İsrail ordusu Daxili Kəşfiyyat İdarəsi Şin-Bet (Şabak) ilə birgə həyata keçirilən basqınlarda İordan çayının qərb sahilində axtarışda olan 15 nəfərin saxlanıldığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə iki gündən bir fərqli nöqtələrə basqın edən İsrail qüvvələri, müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.
Şayəstə Hüseynova




