Avstraliya rəsmiləri ölkənin qərbindəki çimərlikdə aşkar edilən obyektin kosmik raketin bir hissəsi ola biləcəyini bildiriblər.
Elchi.az xəbər verir ki, Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliya ştatının Qrin Hed qəsəbəsi yaxınlığındakı çimərlikdə aşkar edilən naməlum obyektlə bağlı açıqlama verib.
Agentlik sahilə çıxan metal obyektin nə olduğunu müəyyən etmək üçün digər kosmik agentliklərlə işlədiyini bildirib.
Avropa Kosmik Agentliyinin mühəndisi Andrea Boyd, Hind okeanına düşən obyektin peykin buraxılması üçün istifadə edilən Hindistan raket modelinin bir hissəsi olduğuna demək olar ki, əmin olduqlarını qeyd etdi.
Obyektin peyk atışı zamanı raketdən düşmüş bir parça olduğuna inandıqlarını ifadə edən Boyd, Birləşmiş Millətlər Təşkilatının Kosmos İşləri İdarəsinin müvafiq razılaşmasına işarə edərək, cismi kosmosa göndərən ölkənin məhv edilməsindən məsul olacağını ifadə etdi.
İyulun 17-də Avstraliyanın Pert şəhərindən 250 kilometr şimalda, Green Head yaxınlığındakı Jurien körfəzinə naməlum obyekt düşüb.
Yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım Kimya Mərkəzinin analizindən sonra obyektin zərərsiz olduğu məlum olub.
Polis obyektdə işlərin davam etdiyini bildirib və əhalini ərazidən uzaq durmağa çağırıb.
Şayəstə Hüseynova




