Çinin müdafiə naziri Li Şanfu Pekində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Çinli nazir bəzi məmurların Çinlə yola getmədiyinə, bunun nəticəsində diplomatik münasibətlər qurulandan bəri Çin-ABŞ münasibətlərinin aşağı səviyyədə qaldığına diqqət çəkib.
Kissincer deyib ki, Vaşinqton və Pekin anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və qarşıdurmadan qaçmalıdır. Tarix və təcrübə ardıcıl olaraq sübut edir ki, nə ABŞ, nə də Çin bir-birinə düşmən kimi yanaşmağa rəvac verə bilməz. Əgər iki ölkə müharibəyə başlayarsa, bu, onların xalqları üçün heç bir ciddi nəticə verməyəcək, deyə siyasətçi əlavə edib.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi etiraf edib ki, Vaşinqton və Pekin arasında münasibətlərin hazırkı trayektoriyası onlar arasında hərbi münaqişəyə səbəb ola bilər. O, xüsusilə, iki ölkənin Tayvanla bağlı fərqli fikirlərini diqqətə çatdırıb və qeyd edib ki, mövcud trayektoriya dəyişdirilməlidir.
Havar Şəfiyeva






