Ukrayna müharibəsindən sonra daha da yaxınlaşan Çin və Rusiya hərbi əməkdaşlığını da genişləndirir. İki ölkə qərbə və müttəfiqlərinə Yaponiya yaxınlığında başlanan ən böyük birgə hava və dəniz təlimi ilə güc nümayiş etdirir.
Elchi.az xəbər verir ki, Pekin-Moskvanın birgə təşkil etdiyi ən böyük hava və dəniz təlimi davam edir.
İki ölkə təlim zonası olaraq Yapon dənizini seçib. Təlim “Şimal/Əlaqə 2023” adlandırılıb.
Müddəti qeyri-müəyyən olan təlimdə iki ölkə ordusuna aid çoxlu sayda dəniz və hava elementləri iştirak edir.
“Financial Times” qəzetində dərc olunan təhlildə təlimin keçirildiyi bölgəyə diqqət çəkilib.
Yaponiyanı Rusiya və Koreya yarımadasından ayıran bölgədə keçirilən təlimin simvolik mənası vurğulanıb.
Təhlildə Pekin və Moskvanın dərinləşən hərbi tərəfdaşlığından digər ölkələr üçün güc amili kimi istifadə etdiyi iddia edilirdi.
İyunun əvvəlində iki ölkənin hərbi hakimiyyət orqanları birgə təlimlərin və patrulların müntəzəm keçirilməsini müzakirə ediblər.
Yaponiya və Tayvan bu təlimlərin müntəzəm hərbi patrullara çevriləcəyindən narahatdırlar.
Tokionun bu narahatlığı dekabrda qəbul edilmiş “Milli Təhlükəsizlik Strategiyası” sənədində də öz əksini tapıb.
Şayəstə Hüseynova




