Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin taxıl dəhlizi ilə bağlı söylədiyi kimi hərəkət etməli olduğunu bildirib və deyib: “BMT çox dəqiq və qətiyyətlə işə başlamasa, bu dəhliz təhlükəsiz olmayacaq.
Elchi.az xəbər verir ki, Zelenski Ukraynanın paytaxtı Kiyevdə İrlandiyanın baş naziri Leo Varadkarla görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Zelenski buradakı çıxışında müharibədən qaçan 86 min ukraynalıya sığınacaq verdiyinə görə İrlandiya xalqına təşəkkür edib.
Görüşdə dünən axşam Rusiyanın Ukraynaya hücumları ilə bağlı məlumat verdiyini deyən Zelenski, “Dünyada sülh istəyən hər bir ölkənin Rusiya terrorunu açıq və birmənalı şəkildə pisləməsi və bu təcavüzün aradan qaldırılması üçün birgə səy göstərməsi son dərəcə vacibdir”-deyib.
Zelenski bildirib ki, onlar təhlükəsizlik və siyasi qarşılıqlı fəaliyyət məsələlərini, habelə Ukraynanı Rusiyanın təcavüzünə qarşı müdafiədə gücləndirə biləcək birgə addımları müzakirə ediblər.
Zelenski İrlandiyanın Ukraynaya 170 milyon avrodan çox dəstək verdiyini və bu ölkənin də minalardan təmizləmə prosesində fəal iştirak etdiyini bildirib.
Nuranə Məmmədova





