Belousov və Çernışenko sanksiya siyahısına daxil edilib.
Elchi.az xəbər verir ki, Avstraliya Rusiya və Belarusdan olan on şəxsə, habelə 35 Rusiya təşkilatına məhdudiyyətlər tətbiq etməklə Rusiya əleyhinə sanksiyaları genişləndirib. Bunu ölkənin xarici işlər naziri Penni Vonq deyib.
“Avstraliya 35 təşkilata… eləcə də on şəxsə, o cümlədən Rusiya nazirləri və yüksək rütbəli məmurlarına, həmçinin Belarusdan olan yüksək rütbəli hərbçilərə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib”, – nazir açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün bu tədbirlər Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına “birbaşa və ya dolayısı ilə dəstək verənlərə” “maksimum təzyiq” göstərməlidir.
Vonq aydınlaşdırır ki, məhdudiyyətlər müdafiə, texnologiya və enerji sektorlarında, eləcə də Arktika ehtiyatlarının hasilatı ilə məşğul olan şirkətlərə tətbiq edilib. Sanksiya siyahılarına Rusiya Federasiyası baş nazirinin birinci müavini Andrey Belousov, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Çernışenko, həmçinin Belarusun yüksək rütbəli hərbi rəsmiləri daxil edilib.
Şayəstə Hüseynova




