Google-un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, mövzuya yaxın mənbələrə əsaslanan The New York Times xəbərinə görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan The New York Times, The Washington Post və The Wall Street Journal-ın sahibi olan News Corp-un rəhbərlərinə təqdim edilib.
Bildirilib ki, Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.
Google hesab edir ki, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.
Şayəstə Hüseynova






