“BRİKS” üzvləri Hindistan və Braziliya Çinin ittifaqı inkişaf etməkdə olan ölkələri də əhatə etməklə genişləndirmək təklifinə qarşı çıxıblar. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Nəşr mənbələrə istinadən xəbər verir ki, alyansın iki üzvü Çinin müdafiə etdiyi İndoneziya və Səudiyyə Ərəbistanının bura daxil edilməsinə qarşı çıxıb. Bu məsələ avqustda Yohannesburqda keçiriləcək “BRİKS” sammitində müzakirə edilməlidir.
Bloomberg daha onlarla ölkənin “BRİKS”ə qoşulmaq istədiyini qeyd edib. Bu, ABŞ və Avropa İttifaqında alyansın Qərb ölkələrinin assosiasiyalarına alternativ ola biləcəyi ilə bağlı narahatlıq yaradır.
Buna görə də Qərblə münasibətləri korlamaq istəməyən Braziliya alyansın genişlənməsinə qarşı çıxır. Hindistanda isə BRİKS-ə qoşulmaq üçün daha aydın qaydaları görmək istəyirlər. Cənubi Afrika Respublikası alyansın genişləndirilməsi üçün müxtəlif variantları nəzərdən keçirməyə hazırdır.
Daha əvvəl məlum olub ki, Fransa prezidenti Emmanuel Makron, eləcə də ABŞ və Böyük Britaniya liderləri “BRİKS” sammitinə dəvət almayıblar.
Havar Şəfiyeva





