Lord Con Teylor Kilkluninin Böyük Britaniya Parlamentində ünvanladığı sualı cavablandıran ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri BaronessaAnelay bildirib ki, Böyük Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
Lord Kilkluninin sualı qohumlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlıqlarına baş çəkərkən Ermənistan silahlı qüvvələri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.
“Dağlıq Qarabağ Respublikası” nı tanımaması ilə yanaşı Baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını tanımır.
Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdıqlarını dilə gətirib.



