Bu barədə musavat.com-a Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib. O, qeyd edib ki, hazırda bununla bağlı Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərləri səviyyəsində görüşlər keçirilir.
Ötən gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə görüşdüyünü deyən Pənah Hüseyn bildirib ki, bu görüş əvvəlcədən planlaşdırılmışdı və hər iki tərəfi maraqlandıran məsələlər barədə müzakirələr aparıldı: “2015-ci il seçkilərində iştirakla bağlı müzakirələr apardıq. Hesab edirəm ki, bu, faydalı bir görüş oldu. Həm AXP-VİP əlaqələrinin möhkəmləndirilməsi, həm də müxalifət düşərgəsinin seçkilərdə iştirakı ilə bağlı söhbətlər oldu”.
Qeyd edək ki, hazırda Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların iştirakı ilə 2015-ci ilin parlament seçkilərinə seçki bloku kimi qatılmaq məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilir. İclasın sonunda seçki blokunun yaradılması barədə qərar veriləcək.




