Suriya Ərəb Ordusunun xüsusi bölmələri Rusiya Aerokosmik Qüvvələrinin ekipajları ilə birlikdə Həma vilayətində ilk dəfə olaraq gecə saatlarında taktiki təlim keçirib.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim planına əsasən, düşmən olduğu iddia edilən tərəf hökumət qoşunlarının yerləşdiyi ərazilərə hücum edərək mülki əhalinin yaşadığı qəsəbəni işğal etməyə cəhd edib.
Rusiya Aerokosmik Qüvvələrinin Su-35 qırıcıları və Su-24 bombardmançı təyyarələrinin ekipajları Suriya Silahlı Qüvvələrinin artilleriya bölmələrinin ekipajları ilə birlikdə düşmənin ən mühüm hədəflərini atəşə tutublar.
Rusiya Aerokosmik Qüvvələrinin Ka-52 hücum helikopterləri şərti düşmənin zirehli texnikasını və möhkəmləndirilmiş atəş mövqelərini məhv edib. Rusiya Federasiyası silahlı qüvvələrinin Suriyadakı qoşunları qrupunun komandanlığı və Suriya Ərəb Respublikasının silahlı qüvvələrinin rəhbərliyi Rusiya və Suriya bölmələrinin koordinasiyalı hərəkətlərini yüksək qiymətləndiriblər.
Bundan başqa, avqustun 2-dən etibarən Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı admiral Nikolay Yevmenovun rəhbərliyi ilə Baltik dənizində “Okean qalxanı-2023” hərbi dəniz təlimləri keçirilir.
Təlim zamanı hərbi-dəniz qüvvələrinin əməliyyat əhəmiyyətli ərazidə Rusiya Federasiyasının milli maraqlarını müdafiə etməyə hazırlığının yoxlanılması və qoşunların idarə olunmasında müxtəlif səviyyələrdə qərargahların işinin əlaqələndirilməsi planlaşdırılır.
Təlimlər zamanı dəniz zolaqları, qoşunların və hərbi yüklərin daşınması, eləcə də dəniz sahilinin mühafizəsi üzrə tədbirlər hazırlanacaq. Təlimlərə 30-dan çox hərbi gəmi və kater, 20 köməkçi gəmi, Hərbi-Dəniz Aviasiyası və Rusiya Aerokosmik Qüvvələrinin 30 təyyarəsi, 6 minə yaxın hərbi qulluqçu iştirak edir.
Yeganə





