Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dəyişiklik edib.
Elchi.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 % -i, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması idi.
***
Prezident İlham Əliyev 30 dekabr 2022-ci il sərəncamı ilə təsdiq edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları və yaxud ÜDM-in 10,7%-i qədər olması gözləntisi qalır, amma mövcud xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc cəlb ediləcəyindən, bu göstəricilər dəyişə bilər.
Xatırladaq ki, indiyə qədər 2025-ci ilin sonuna qədər xarici dövlət borcunun ÜDM-ə nisbətinin 15%-dən aşağı səviyyədə saxlanılması, həmin nisbətinin 10%-dən aşağı salınması hədəfinin isə 2025–2030-cu illəri əhatə edəcək növbəti strategiya çərçivəsində təmin edilməsi nəzərdə tutulurdu.





