“Ən dəhşətli xəbər bu günün reallığı çərçivəsində hansısa müəssisənin və ya xidmətin bağlanması, ən qiymətli xəbər isə” hansısa müəssisənin açılmasıdır.”
Buna görə də dünənin ən pis xəbəri “Volt”-un bağlanması, ən yaxşı xəbəri isə avqustun sonuna kimi Quba şəhərində 500 min dollarlıq sərmayəli şokolad fabrikinin açılacağı xəbəri idi. Hələ gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoyulacağı bildirilir”. Elchi.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov şəxsi “Facebook” səhifəsində paylaşıb.
O, paylaşımda həmçinin qeyd edib:
“Bu xəbər mətbuatda hansısa müğənninin itinin ad günündən daha az işıqlandırıldı. Amma bu ciddi xəbər idi. Burada yüzlərlə insanın gələcəkdə işlə təminat məsələsi vardı. “Butterfly effect” nəzəriyyəsi boşuna yaranmayıb. Bir fabrikin işi doğru qurularsa və maneələr olmazsa “butterfly effect”lə digər rayonlara və sahələrə müsbət təsirini göstərər. Burada fabrikin işlədiyi zaman xammal təhcizatına yaranan tələb rayonda kənd təsərrüfatının inkişafına, bu isə digər sahələrə stimul verə bilər. Nəzərə alsaq ki, prioritet sahə olan kənd təsərrüfatının (k/t) ÜDM də payı çox az olduğundan hər adi kimi görünən məqam k/t üçün vacibdir”.
E.Əmirovun sözlərinə görə açılan bir müəssisə həm təcrübəyə, həm sahəyə, həm məşğulluğa, həm dolayı sahələrə və həm də buradan evinə çörək aparan insanların həyatına ciddi qatqılar verər:
“Amma müəssisə bağlanarsa bunların əksi olar. Bütün təsirlənən sahələrin “suyu” quruyar. Bu isə yüzlərlə, minlərlə insanın xəyallarını və ümidlərini öldürür. Bu heç də obrazlı ifadə deyil. Hər ay evinə 5 manat pul aparan adama “sənin iş yerin bağlandı” və ya “sən ixtisara düşdün” deyəndə adamın ilk düşündüyü nə olur? Evlidirsə “uşağıma axşam nə aparacam”-deyə beyni quruyur, subaydırsa evlənmək üçün qurduğu xəyalları. Buna görə də, iş yerlərinin bağlanmaması üçün bütün mümkün tədbirlərə əl atmaq lazımdır. Bir müəssisə açılanda isə xəyallar da çiçək açır, ümidlər də. Elə buna görə də ölkə rəhbərliyinin də ən vacib tapşırıqlarından biri məhz ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Odur ki, iş yeri yaradan hər kəs həm ölkə üçün, həm iqtisadiyyat, həm də insanlıq üçün qiymətlidir. İstər o, böyük investor olsun, istər kiçik sahibkar, istərsə də bir kənd bələdiyyəsi”.
Havar Şəfiyeva






