Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında sentyabrda baş tutacaq görüşün tarixi hələ dəqiqləşdirilməyib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Səfərlə bağlı Türkiyə və Rusiyanın müvafiq idarələri arasında danışıqlar aparılır, ola bilsin ki, prezidentin dünən açıqladığı xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri zamanı bəzi təfərrüatlar aydınlaşdırılsın”, – agentliyin mənbəsi bildirib.
Həmçinin qeyd edib ki, görüşün yeri ilə bağlı heç bir aydınlıq yoxdur. Eyni zamanda, o, dövlət başçıları arasında danışıqların Rusiyada baş tutacağını istisna etməyib.
Bundan əvvəl Ərdoğan rusiyalı həmkarı ilə üz-üzə görüşmək istədiyini bildirib. Türkiyə lideri bu ay Hindistanda G20 sammitinin və Birləşmiş Ştatlarda BMT Baş Assambleyasının da keçiriləcəyinə baxmayaraq, sentyabrda danışıqlar aparmaq niyyətində olduğuna aydınlıq gətirib.
Havar Şəfiyeva





