Avropa Rusiya-Ukrayna müharibəsinin kölgəsində növbəti dəfə qışa hazırlaşır. Rusiyadan təbii qaz idxalını azaldan Avropa, anbarlarını alternativ təchizatçılardan doldurmağa üstünlük verdi. Anbarlarının 90 faizi dolu olsa da, bu qış Avropada enerji böhranı yaşana biləcəyi ilə bağlı narahatlıq var.
Elchi.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Avropa Birliyi 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə özünü enerji böhranı ilə üz-üzə qoydu.
Qərbin müharibə ilə bir-bir tətbiq etdiyi sanksiyalar qarşısında Rusiyanın təbii qaz kartını masaya qoymasından sonra qış mövsümü Avropa üçün çətin keçməyə başladı.
Müharibə ilə əlaqədar Rusiyadan idxalın azalması səbəbindən İttifaqın üzvü olan ölkələr alternativ təchizatçılara üz tutdu.
İldə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var.
Bu qış üçün anbarlarda doluluq 90 faizdən çoxdur.
Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.
Nuranə Məmmədova





