AŞPA-da anti-Rusiya səsverməsinin ardınca separatçı Qarabağ rejiminin kəlbəcərli girovlarla bağlı
Sergey Lavrovun mübadilə təklifini ələ salması təsadüfdürmü?
Rusiya ilə onun Güney Qafqazdakı yeganə forpostu Ermənistan arasında münasibətlər SSRİ-nin çöküşündən sonra bəlkə də ən soyuq dövrünü yaşayır. İki tərəfin rəsmi şəxsləri bunu etiraf etməsələr də, münasibətlər xüsusilə son bir il ərzində əhəmiyyətli dərəcədə geriləyib, yaxud əngəllərlə üzləşib. Hər halda, kənardan belə görünür.
Gümrüdəki rus hərbçisi Permyakovun bu il yanvarın 12-də törətdiyi məlum qətl olayından sonra soyuqluq özünü bir az da çılpaqlığı ilə büruzə vermiş oldu, daha doğrusu, büruzə verməsi üçün həmin qanlı olay bir katalizator rolu oynadı. Hərgah, soyuqluq Gümrü olayından xeyli əvvəl – Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi fonunda, Moskvanın Bakıya 4 milyard dollar həcmində müasir döyüş maşınları və sistemləri satmağa başlaması ilə yaranmağa başlamışdı.
Məsələ ondadır ki, özünü bölgədə Kremlin 1 nömrəli müttəfiqi sayan işğalçı Ermənistan hələ də bunu həzm edə bilmir ki, necə olur Rusiya onunla müharibə vəziyyətində olan bir ölkəni – Azərbaycanı silahlandırır? Daha sonra Rusiya-Türkiyə iqtisadi-energetik əlaqələrində qeydə alınan mühüm irəliləyiş, yeni Bakı-Moskva-Ankara siyasi üçbucağı ilə bağlı dövriyyəyə çıxan mülahizələr İrəvanı bir az da özündən çıxarmış oldu. Və nəhayət, “səbir kasası”nın daşması üçün son damla olan Gümrü insidenti…
Söz yox ki, Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının təzəcə yekunlaşan qış sessiyasında Azərbaycandan fərqli olaraq Rusiyanın mövqeyini dəstəkləməməsi də düşünülmüş, öncədən planlaşdırılmış və qətiləşmiş qərarın nəticəsi idi. Lakin bu da var ki, Azərbaycan nümayəndə heyətinin birmənalı şəkildə Rusiyaya qarşı qətnamə əleyhinə getməsi İrəvanın anti-Kreml demarşını daha çılpaqlığı ilə nümayiş etdirib.
Bir sıra rusiyalı analitiklərə görə, Ermənistanın öz əsas müttəfiqinə qarşı bu sayğısız, hətta satqınçı mövqeyini rəsmi Moskva mütləq ciddiyə alacaq. Hansı şəkildə, hələlik bunu söyləmək çətindir. Ancaq belə bir qeyri-müəyyənlik fonunda, AŞPA-da Moskvaya qarşı işğalçı Ermənistanın aşkar demarşından cəmi bir neçə gün sonra erməni tərəfi Kremlə qarşı faktiki surətdə növbəti de-marşa imza atıb. Söhbət kəlbəcərli girovlar – Dilqəm Əhmədov və Şahbaz Quliyevlə bağlı Xankəndi rejiminin sərsəm təklifindən gedir.
“Dağlıq Qarabağ ”hakimiyyəti” kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməyə razıdır”. Xəbər verildiyi kimi, belə absurd, eyni zamanda həyasız iddia ilə qondarma qurumun qondarma prezidentinin “mətbuat katibi” David Babayan çıxış edib. O, azərbaycanlı girovların birtərəfli qaydada qaytarılması mümkün saymadığını da bildirib: “Girovların birtərəfli qaydada qaytarılması istisnadır. Fikirləşirəm ki, bu demokratik prinsiplərin (?!-red.) kobud şəkildə pozulması demək olardı”.
Xatırladaq ki, ötən ilin sonlarında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı girovların qaytarılmasının tərəflər arasında gərginliyin azaldılmasına xidmət edə biləcəyini demişdi. Girovlar məsələsi ondan az öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən səslənmişdi. Nazir Rusiya vətəndaşı Dilqəm Əhmədovun taleyi ilə bağlı erməni tərəfi ilə danışıq aparılacağını söyləmişdi.
Bundan bir qədər əvvəl – ATƏT-in dekabr sammitində isə Lavrov Azərbaycan və Ermənistan arasında əldə edilmiş anlaşma əsasında girovların azad edilməsi və ya mübadilə yolu ilə qaytarılmasını məqbul saydığını bəyan eləmişdi. Göründüyü kimi, erməni tərəfi reallaşması mümkün olmayan absurd bir təklifə Rusiya XİN başçısının hər iki xoşməramlı mesajını sıfırlamış olub, lap dəqiqi, Lavrovun timsalında Moskvaya dirsək göstərib, onun təşəbbüsü ilə məzələnib.
Yəqin ki, Kremldə bu faktı da ciddiyə alacaqlar. Hansı formada – onu da zaman göstərəcək. Bir şeyi əminliklə söyləmək mümkündür ki, son sərsəm təklif axır vaxtlar yeni mərhələyə qalxan Moskva-Bakı, Moskva-Ankara münasibətlərinə növbəti, özünəməxsus və aqressiv bir reaksiyadır.(Musavat.com)