Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüş keçirib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Lavrovla görüşdən əvvəl Qrossi jurnalistlərə açıqlamasında yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını təsdiqləyib.
Qrossi jurnalistlərə Rusiyaya səfərin perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib: “Mən indi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəm. Biz fikir mübadiləsi aparacağıq, fikirlərimizi bildirəcəyik və bunu nəzərdən keçirəcəyik”. Onun sözlərinə görə, dialoqa ehtiyac daimidir.
MAQATE rəhbərindən də Kiyevə səfərin mümkünlüyünə münasibət bildirmək istənilib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə belə bir fikir irəli sürülüb. “Vəziyyət hər hansı bir nüvə insidentinin qarşısını almaq üçün hər iki tərəflə daimi təmasda olmağı tələb edir”, – Qrossi bildirib.
Nuranə Məmmədova




