Bir gənc həbs olunur. İttihamçı onu uşaqlığından tanıyırmış və həmçinin məşhur bir
yazıçı olan atası ilə də tanış imiş. O, müttəhimdən soruşur:
– Atanı xatırlayırsanmı?
– Çox gözəl xatırlayıram.
İttihamçı günahkarın vicdanını yoxlamaq üçün soruşur:
– Məhkum ediləcəyin anda çox mükəmməl insan olan atanı düşünərkən onun haqqında nə xatırlayırsan?
Bir az sükutdan sonra müttəhim gözlənilməz bir cavab verir:
-Bir öyüd-nəsihət almaq üçün yanına gedərkən başını kitabdan qaldırdığını və mənə: “Mənə mane olma, məşğulam” dediyini xatırlayıram. Ona yoldaşlıq etmək üçün yaxınlaşdıqda: “Əl çək məndən, bu kitabı bitirməliyəm”, — deyərdi. Hörmətli hakim siz onu bir məşhur yazıçı kimi, mən isə övladını itirən bir ata kimi xatırlayıram.
Hakim öz-özünə: “Yazıçı, kitabı bitirdi, amma bilmədən oğlunu itirdi”
Bu hekayəni xatırlamaqda məqsədim Alzheimer xəstəliyinə tutulmuş cəmiyyətimizdir. Övladlarını unutmuş valideynlər, yaxud bundan gec xəbər tutan cəmiyyət. Hal-hazırda çox valideynlər hekayədəki yazıçının vəziyyətindədirlər, övladlarından xəbərləri yoxdur. Son zamanlar ən çox eşitdiyim məntiqsiz arqumentlərdən biri bu olub. Bir sovet dövründə oxumuş şəxslə söhbət əsnasında bildirdim ki: ”Oğlunuza azadlıq vermirsiniz, onun bacarıqlarının və gələcək potensialının qarşısını alırsınız, bəlkə ona dəstək olmaq lazımdır..?” Cavab isə tam olaraq belə idi…
- “Nə danışırsan ay bala, sən o dövrü görməmisən, mən yetimçiliknən böyümüşəm, gəldim o vaxtı Bakıya, yataqxanada qaldım, gecələr “smenə” gedirdim, işlədim, sonra ev aldım. Əziyyət çəkdim. İndi özü eləsin bunların hamısını..”
Çox mübahisə etmədən söhbətin məğzini dəyişdim, çünki heç nə izah edə bilməyəcəkdim. Axı nə izah edəsən, ağsaqqal deyir ki, mən yetimçiliklə böyümüşəm və özüm eləmişəm. Yaxşı, oğlun da özü elədi, onda sənin sağ olmağının nə mənası var? Oğlun da yetimçiliklə böyümüş bir şəxsin etdiklərini edirsə, o zaman niyə asılılıq yaradırsınız?
İnsanlar hər zaman bilmədiyi şeylər haqqında danışmağı və özlərinin ehtiyacı olduğu halda başqalarına verdikləri öyüd-nəsihəti çox sevirlər. Siz SSRİ dövründə bu tip yaşayış tərzi ilə yaşamısınızsa, bu bizim səhvimiz deyil və bizim günahımız nədir? Nəyə görə sizin yaşadıqlarınızı övladlarınız da yaşamalıdır?
Alejandro Jodorovski deyirdi ki, “Qəfəsdəki quşlar uçmağı xəstəlik hesab edirlər.” İndi biz gənclər valideynlərimizin mənəvi dəstəyindən uzaq qaldıqca, gələcəkdə valideyndən dəstək almağı bir zəiflik əlaməti kimi görəcəyik. İnsanı mühit formalaşdırdığına görə ilkin olaraq mühit dəyişməlidir, əsasən də düşüncə mühitimiz. Artıq 2015-ci ildir. Valideynlər isə hələ də 1970-1980 -ci illərin metodlarını tətbiq edirlər. Ruh yüksəkliyi vermək əvəzinə “Siz nə görmüsünüz axı, hələ bizi də bəyənmirsiniz” deyirlər, hələ də anlamırlar ki, bu dövrü prosesdir, inkişaf getdikcə, bu davam etməlidir. Nəvə oğulu bəyənmir, oğul atanı, ata da babanı, hər halda, mənim oğlum mənim dövrümdə olan fikirləri qəbul etsə, yeni fikir irəli sürməsə, deməli, mənim oğlum inkişafdan geri qalıb.
Bu unutqanlıq davam etdiyi müddətdə valideynlər övladlarını itirəcəklər, hal- hazırda ən böyük problem budur: insan resurslarını itirmək, cəmiyyətə faydalı şəxslərin yetişdirilməsi yolunda ailədə hər hansı bir mühüm addımın atılmaması. Əgər siz valideynlər övladlarınıza dəstək olmasanız, başqalarının sizin övladınıza dəstək olmasını gözləməyin. İnsanı yaşı yox, yaşadıqları böyüdür və bir gün bəzi valideynlər xəstəxana dəhlizində, ya da məhkəmə zalında övladları ilə vidalaşanda çox şeyi anlayacaqlar. O zaman streotiplərini yeridib, övladlarını itirmiş olacaqlar.
Əziz Unutqan Valideynlər, övladlarınıza dəyər verin və onlara mənəvi dəstək olun, övladı olmayanlar bu yazını oxuyub sizi artıq qınayıblar.
P.S: 50 il əvvəl Amerikada qaradərili prezident olacaq desəydiniz, sizə ən yaxşı halda gülərdilər. İndi bilmək olmaz, 50 il sonra Amerikada LGTB prezident olacaq, ya yox, nəysə övladlarınızı unutduğunuz kimi bu sətirləri də unudun, istəmirəm mənə güləsiniz…
Hacıağa Əliyev



