ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi ştatın baş prokuroru Letitia Ceymsin Tramp Təşkilatının maliyyə hesabatları ilə saxtakarlıq iddiası ilə açdığı mülki iddia üzrə məhkəmə iclasında şəxsən iştirak etmək niyyətindədir.
Elchi.az bu barədə siyasətçinin “Truth” sosial şəbəkəsindəki açıqlamasına istinadən xəbər verir.
Bloomberg-in məlumatına görə , Trampın məhkəmədə şəxsən iştirak etmək qərarı sürpriz olub, çünki onun iştirakı məcburi deyil. Məhkəmə NYPD ilə əməkdaşlıq edərək artıq təhlükəsizlik məsələlərinə diqqət yetirib.
Agentlik mənbələri qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti məhkəmə prosesində şəxsən ifadə vermək niyyətindədir. Trampın oğulları kiçik Donald Tramp və Erik də məhkəmə qarşısına çıxacaq.
Bundan əvvəl Nyu-York məhkəməsi ştatın baş prokuroru Letitia Ceymsin Tramp və onun övladlarına qarşı “Trump Organization” təşkilatının maliyyə hesabatları ilə saxtakarlıq etdiyi iddiası ilə bağlı qaldırdığı iddianı rədd etməkdən imtina edib. Hakim Artur Enqoron ABŞ-ın keçmiş prezidentinin fırıldaqçılıq və sərvətinin ildə milyardlarla dollar şişirdilməsinə görə məsuliyyət daşıdığını bildirib.
Nuranə Məmmədova






