İspaniyanın Qranada şəhərində keçirilən Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü başa çatıb.
Elchi.az xəbər verir ki, iclasdan sonra keçirilən mətbuat konfransında Avropa Şurasının sədri Çarlz Mişel Qranada Bəyannaməsinin qəbul edildiyini və bu bəyannamənin Aİ-nin gələcək strateji araşdırmaları üçün mühüm başlanğıc nöqtəsi olduğunu bildirib.
Avropanın bütün dünya ilə qarşılıqlı əlaqədə olması lazım olduğunu deyən Mişel Aİ-nin çoxqütblü dünyada xüsusi rolu olduğunu bildirib.
“İmmiqrantların geri qayıtması yaxşılaşdırılmalıdır”
Avropada qalmasına icazə verilməyən mühacirlərin geri qaytarılmasının yaxşılaşdırılmasının lazım olduğunu deyən Aİ Şurasının sədri Mişel miqrasiyanın xarici ölçüsü üzərində işləməyin və cinayətkar qruplar və qaçaqmalçılarla mübarizədə daha təsirli olmağın vacib olduğunu bildirib. Mişel Avropa sərhədlərinin qorunması üçün Tunis də daxil olmaqla bir çox ölkə ilə daha çox əməkdaşlıq və qarşılıqlı fəaliyyətə ehtiyac olduğunu ifadə edərək, Aİ liderlərinin növbəti görüşlərində miqrasiya məsələsini müzakirə edəcəklərini açıqlayıb.
“Aİ-yə üzvlük prosesi ləyaqətə əsaslanan prosesdir”
Mətbuat konfransında Mişeldən sonra çıxış edən Avropa Komissiyasının sədri Ursula von der Leyen, Aİ-yə üzvlük prosesinə toxunaraq, “AB-yə üzvlük prosesi ləyaqətə əsaslanan bir prosesdir və bu prosesin qısa yolu yoxdur” -deyib.
“Əgər namizəd ölkələr üzv olmağa hazırdırsa, biz də onları AB-yə qəbul etməyə hazırıq” deyən Leyen, namizəd ölkələrin üzvlüklə bağlı komissiya hesabatının noyabrın əvvəlində hazır olacağını və hesabatın qiymətləndiriləcəyini bildirib.
Nuranə Məmmədova




