Rusiyanın şimal sərhədi yaxınlığında soyuq müharibə dövründən qalma strateji təyyarə görünüb. Elchi.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Ehtimal olunur ki, bu, Böyük Britaniyadan havaya qalxan Amerikanın U-2S yüksək hündürlükdə kəşfiyyat təyyarəsi olub.
Telekanalın məlumatına görə, hadisə oktyabrın 15-də baş verib. Casus təyyarə Rusiya sərhədi boyunca Barents dənizindən 1700 metr yüksəklikdə uçuş edib. O, yarım saat əraziyə baxış keçirdikdən sonra 7400 metr yüksəkliyə qalxaraq Rusiya hava hücumundan müdafiə sisteminin radarlarından itib.
Qeyd edək ki, U-2S təyyarə modeli 1950-ci illərin sonunda Lokheed hərbi-sənaye korporasiyası tərəfindən hazırlanıb və bu gün də ABŞ Hərbi Hava Qüvvələrində xidmətdədir.
O, mütəmadi olaraq Rusiyaya casusluq edən NATO təyyarələri və dronlarının on bir modelindən biridir. U-2S yüksək hündürlükdə kəşfiyyat təyyarəsi radar və optik müşahidələr apara bilən müxtəlif sensorlar və sistemləri daşımaq qabiliyyəti ilə seçilir.
Havar Şəfiyeva






