Qərb danışıqlarda Krım məsələsinin üstündən sükutla keçir
“Rusiya elə düşünür ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar, Ukraynanı müdafiə edən qərb dövlətləri ölkənin şərqində gedən mübarizələr fonunda Krım məsələsini unudacaq və ya Krım yarımadasının Rusiyaya ilhaqı arxa plana keçəcək. Lakin bu, yanlış fikirdir”.
Bunu ANS PRESS-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Ukrayna və onun tərəfdarları əslində uyğun zamanı gözləyirlər. “Doğrudur, hələ ki, əsas məqsəd Ukraynanın şərqində – Donetsk və Luqansk vilayətlərində gedən müharibənin qarşısını almaq, bunun başqa bölgələrə sıçramasına imkan verməməkdir. Yəni dünya ictimaiyyəti müəyyən bir fasilənin yaranmasından istifadə edib Ukraynanın iqtisadiyyatının və ordusunun yenidən qurulmasına nail olmaq istəyir, həmçinin o ana qədər Rusiyaya tətbiq edilən sanksiyaların Rusiyanı zəiflədəcəyini gözləyirlər”, – deyə politoloq əlavə edib. Qabil Hüseylinin fikrincə, Krım məsələsi unudulmayıb, bu məsələ gündəmdədir. “Sadəcə olaraq, hələ ki, məsələlərin əhəmiyyətlilik dərəcəsinə görə birinci dərəcəli məsələlər ön plana çıxarılıb”.
Politoloq Tofiq Abbasovun da fikrincə, Krım yarımadasının ilhaqı məsələsi unudulmayıb. Sadəcə olaraq, indiki zaman üçün əsas hədəf Luqansk və Donetsk vilayətlərindəki müharibənin dayandırılması, tələfatların, qurbanların artmasının qarşısını almaqdır. “Düzdür, bəziləri bunu daxili böhran, bəziləri isə vətəndaş müharibəsi adlandırır. Amma Ukraynanın şərqində faktiki olaraq zirehli texnikadan, artilleriya qurğularından, hətta aviasiyalardan istifadə olunur və gündən-günə tələfatlar artır. Odur ki, indi əsas problem həmin müharibənin dayandırılması və qurbanların sayının artmasının qarşısını almaqdır. Ona görə də Krım məsələsi bir az arxa plana keçib. Lakin bir şeyi də unutmaq olmaz ki, bu problemin kökündə də məhz Krım məsələsi durur”.
Politoloq Fikrət Sadıqov isə qərbi Krımın ilhaqı məsələsində səssiz qalmaqda günahlandırıb. “Ukraynadakı böhran Krımın ilhaqından sonra başladı. Amma başqa bir reallıq da var ki, qərb ölkələri müəyyən mənada Krım yarımadasının Rusiyaya birləşdirilməsində müəyyən mənada göz yumdular. Lakin Rusiya bununla kifayətlənmədi və Ukraynanın şərqində də iki ölkə arasında silahlı qarşıdurma yarandı. Qərb isə buna göz yummadı və Kiyevi dəstəklədi, Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirdi”, – deyə o əlavə edib.
Fikrət Sadıqov Qərbin bu mövqeyini Qarabağ münaqişəsindəki mövqeyinə bənzədib. “Bu vəziyyət eynilə Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsini xatırladır. Onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar, amma münaqişənin ədalətli həlli istiqamətində heç bir addım atılmır. Qərb sadəcə olaraq seyrçi mövqedə dayanır”, – deyə ekspert əlavə edib.
ANS PRESS



