Vahid Mürsəliyev: “Ölkənin mobil rabitə bazarının 51,3 faizi Azercell-i seçir”
“Azərbaycanın lider mobil operatoru Azercell Telekom öz fəaliyyətində uğur və nailiyyətlərlə dolu növbəti bir ili geridə qoydu. 2014-cü ilin bütün göstəriciləri Azercell-in özünün mövcud lider mövqeyini qoruyub saxladığını, bir çox parametrlər üzrə daha böyük irəliləyişlər əldə etdiyini sübut edir”. Bunu Azercell Telekom-un prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev fevralın 18-də keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, hazırda ölkənin mobil rabitə bazarının 51,3 faizi Azercell-i seçir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8 faizini əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfəri ötüb keçib.
V.Müsrəliyevin sözlərinə görə, ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan Azercell ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1,67 milyard manat sərmayə yatırıb: “2014-cü ildə Azercell öz işçilərinin inkişafına 1,2 milyon manat, 18 il ərzində isə 14,2 milyon manat həcmində sərmayə yatırıb. Bunlar isə özünü Azercell xidmət səviyyəsinin və nəticədə müştəri məmnuniyyətinin yüksəldilməsi ilə nəticələnib. 2014-cü ildə Azercell dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1,11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 faiz təşkil edib”.
Azercell rəhbərinin sözlərinə görə, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25 faiz daha da gücləndirib: “2014-cü ildə şirkət 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. Bundan əlavə lider operator 3G şəbəkəsinin tutumunu rekord səviyyədə gücləndirib: ölkə üzrə 48 faiz, Bakıda 92 faiz olub”.
Həmçinin, o, Azercell-in ölkədə ən böyük müştəri xidmətləri şəbəkəsinə malik olduğunu vurğulayıb: “Azercell regionda və ölkədə ilk və ən böyük LTE-4G şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün Azercell ölkədə ən yüksək sürətli mobil internet xidmətini təqdim edir. İl ərzində Azercell-də abunəçi başına mobil internetdən istifadə 65 faiz artıb”.
Onun sözlərinə görə, sürəti və keyfiyyəti saxlamaq şərti ilə Azercell müştərilərin faydasını düşünərək, ötən il böyük tarif endirimləri təqdim edib. Həmçinin o, Azercell-in Azərbaycan bazarında təqdim etməyə hazırlaşdığı yeniliklərdən də danışıb. Bunlar Sumaks təhlükəsizlik sistemi, Mobil Sağlamlıq, Valideyin Nəzarət Sistemi və Augmented Reality-dir.
Sosial layihələrdən danışan V.Mürsəliyev qeyd edib ki, 2014-cü ildə Azercell sosial layihələrin həyata keçirilməsinə 0,3 milyon manat həcmində vəsait sərf edib. O, sonda bildirib ki, müştəri məmnuniyyətinə önəm verən Azercell Telekom bu illər ərzində əldə etdiyi inam və etibarı qoruyub saxlamaq, qarşıdan gələn illərdə daha böyük nailiyyətlər qazanmaq niyyətindədir.
Röya RƏFİYEVA,
Fotolar müəllifindir.






