
PKK terror təşkilatının lideri Abdullah Öcalanın Türkiyə hökuməti ilə danışıqlar mərhələsində şərtləri açıqlanıb. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Öcalanın hökumətə təqdim etdiyi on maddəlik mətnin detalları siyasət dəhlizlərində artıq danışılmağa başlanıb.
Öcalan hökumətə vəd edib ki, müzakirələr başlayan kimi silahlar susdurulacaq. Kürd partiyası olan HDP-nin həmsədri Səlahəddin Demirtaş hökuməti tənqid edəndən sonra sözügedən on maddə diqqət çəkib. Qeyd edək ki, Demirtaş hökuməti tənqid edərək bildirib ki, hökumət 10 maddədən danışmır, belə şərtlərin olmadığı kimi davranış sərgiləyir.
On maddəlik yol xəritəsində ilk olaraq “müzakirələrə keçid”dən bəhs edilir. Müzakirə heyətinin qurulması, İmralıda katiblik yaradılması kimi məsələlər birinci maddədə yer alıb. Həmçinin, siyasi partiyalar qanununun qüvvədən düşməsi, xəzinə yardımının bərabər bir şəkildə bütün partiyalar arasında paylanması kimi tələblər də var. O cümlədən terrorla mübarizə qanununun da ləğvi tələb edilir. Bildirilir ki, bununla bağlı Cinayət -prosessual qanununda da dəyişikliklər edilməlidir. Ən vacib məqam isə kürdlərlə bağlı məsələnin ayrıca Konstitusiyaya salınmasıdır. Kürd statusunun konstitusiyaya daxil olması, ana dilində təhsil haqqı, mədəni hüquqların qanunda yer alması tələb edilir. Həmçinin fikir və düşüncə azadlığı ilə əlaqədar konstitusiya dəyişikliyi də tələb edilir. Həmçinin həbsxanalardakı terrorla bağlı cinayətkarların azad olunması tələb olunur. Bu proseslərin sonunda isə terror təşkilatının Türkiyədəki silahlı fəaliyyətlərinə son verəcəyi və tərksilah mərhələsinin başlanacağı bildirilir. Həmçinin həmin insanların da reabilitasiya olunması tələbi var.



