Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən “A.M.A.Y” rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxslərdən bəzilərinin vəkili gəlmədiyi üçün təxirə salınıb. Belə ki, saat 11-ə təyin olunan prosesdə dövlət hesabına verilən vəkillərdən Yunis Vəliyev və Şöhrət Allahmanov prosesə gəlmədiyi üçün proses saat 12:30-a təyin edilib. Saat 12:30-da həmin vəkillər prosesə gəlmədiyi üçün məhkəmə iclası saat 14:00-ə kimi yenidən təxirə salıb.
Təqsirləndirilən Abdulla Abdullayev hakimlərin qərarını narazılıqla qarşılayıb və onunla birlikdə təqsirləndirilən və zamində olan şəxslərin dövlət tərəfindən təmin olunan vəkillərdən imtina etməsini istəyib. Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Yanvarın 29-da keçirilən iclas zamanı hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirilənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb. Etiraz baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Həmin etiraza baxılıb və təmin edilməyib. İş yenidən hakim Əfqan Hacıyevin icraatına qaytarılıb.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İlkin istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.



