Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko, Rusiya ordusunun 2022-ci ilin fevralında müharibə başlayandan bəri paytaxta ən böyük pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirdiyini, 1-i uşaq olmaqla 5 nəfərin yaralandığını bildirib.
Elchi.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın ümumilikdə 75 İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatı ilə Ukraynanı hədəfə aldığı və bunlardan 74-nün hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi açıqlanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşçuk açıqlamasında “Əsas hədəf Kiyev idi” deyib. Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko da hücumun Kiyevə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən ən böyük hava hücumu olduğunu ifadə edərək, “Kiyevə hücum səhər saat 04.00-da başlayıb və 6 saatdan çox davam edib. 77 yaşayış evi və 120 binada elektrik enerjisi kəsilib.” Ukrayna Energetika Nazirliyi Kiyev vilayətində 17 min insanın işıqsız qaldığını, 4 elektrik xəttinin zədələndiyini bildirib.
Nuranə Məmmədova






