Kreml bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı prezident Putinin Braziliyada keçiriləcək G20 sammitinə necə qatılacağı bəlli deyil.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin gələn il Braziliyada keçiriləcək G20 Liderlər Sammitinə necə qatılacağının aydın olmadığını bildirib.
Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. Rusiya prezidenti Putinin 2024-cü ilin payızında Braziliyada keçiriləcək G20 sammitinə necə qatılacağının müəyyən edilib-edilməməsi ilə bağlı sualı cavablandıran Peskov, “Hələ o nöqtəyə gəlməyib” deyib.
Peskov vurğulayıb ki, istənilən halda Rusiya bu və ya digər şəkildə forumda iştirakını davam etdirəcək.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva bəyan edib ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanısa da, Rusiya prezidenti Vladimir Putini gələn il Rio-de-Janiroda keçiriləcək G20 sammitinə dəvət edəcək. Lula da Silva daha sonra bəyan edib ki, Putin sammitdə iştirak edibsə, onun həbsi hökumətinin deyil, məhkəmə sisteminin səlahiyyətindədir.
Rusiya lideri Putin noyabrda Hindistanda keçirilən G20 liderlərinin onlayn sammitində iştirak edib.
Bundan əlavə, Peskov Putinin sabah Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına rəsmi səfər edəcəyini və hər iki səfərin bir gün davam edəcəyini bildirib.
Nuranə Məmmədova






