Avropa İttifaqı ölkələri İspaniya sədrliyinin dondurulmuş Rusiya aktivlərinin müharibədən sonrakı bərpa işləri üçün Ukraynaya verilməsi təklifinin düzgünlüyünə şübhə ilə yanaşıblar. Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin anonimlik şərti ilə həmsöhbətlərinin bildirdiyinə görə, Madridin təklifi Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəklənməyib. “Politico” mənbələri Rusiyanın aktivlərindən ayrılan yardımın avronun məzənnəsində kəskin dalğalanmalara səbəb olma riski ilə Ukrayna iqtisadiyyatına sürətli təkan verməyəcəyini bildirib.
Qeyd edək ki, bəzi diplomatlar İspaniyanın Ukraynaya kömək etmək əvəzinə Aİ-nin daxili problemlərini həll etmək üçün dondurulmuş Rusiya aktivlərindən vəsait toplamaqda maraqlı olduğunu da irəli sürüblər.
Havar Şəfiyeva






