Millət vəkili Qənirə Paşayeva Berlində Almaniya dövlətinə səslənib: “Qarabağ münaqişəsinin həllində səylərinizi
artırın”
Millət vəkili Qənirə Paşayeva Almaniyanın Paytaxtı Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Atatürkcü Düşüncə Dərnəyi, Türk Gənclik Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 23-ildönümü ilə bağlı keçirilən tədbir zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıblar. İşğalçı Emənistana bunun üçün heç bir təzyiq göstərmirlər. 22 ildən çoxdur ki, 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur.
Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib: “Hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu amma təəssüf ki, biz Avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar etnik kökənindən, milli kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olan hər kəsi, Almaniya dövləti və xalqını bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. insanlığın yanında olan hər kəs Xocalıya Ədalət deyənlərə dəstək verməlidir“. Almanıyanın dünyada ən böyük türk diasporunun olduğu ölkələrdən biri olduğunu xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən Azərbaycan və Türk diaspor təşkilatları rəsmiləri və üzvlərinə də səslənib. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. O, bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Tədbirin sonunda millət vəkili tədbir iştirakçılarına Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib.