Dünən Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” görüşü maraqlı düşüncələrə təkan verdi. “Ağ-qaralar”ın vurduğu erkən qol futbolsevərlərə məhsuldar görüşə şahidlik edəcəkləri ümidi versə də, arzuları puç oldu.
“Neftçi”nin start heyətinə nəzər yetirdikdə sağ cinah yarımmüdafiəçisi mövqeyində Samir Məsimovun çıxması da maraqlı məqamlardandı. Niyə? Ona görə ki, baş məşqçi Arif Əsədov “elə futbolçular var ki, oyuna əvəzetmədən daxil olarkən daha faydalı olurlar. Samir də məhz bu cür oyunçulardandı”, demişdi. Görünür Məsimov AZAL-la qarşılaşmada “bu cür oyunçular” statusunu “gözlənilmədən” itirib. AZAL və “Neftçi”ni birləşdirən əsas məqam hər iki kollektivin iki cəbhədə mübarizə aparmasıdı. Söhbət Premyer Liqa və ölkə Kubokundan gedir. Yuxarıda qeyd etdiyimiz məqamların təsadüfən alınması, yumşaq desək, təəccüblüdü. Yox-yox, “tutulmayan oğru deyil”, məsəlini qabardaraq, kimisə ittiham etmək fikrində deyilik. Sadəcə, Kubokun ¼ final mərhələsində AZAL-la “Neftçi”nin üz-üzə gələcəyini və “əl əli yuyar, əl də üzü”, prinsipinin yaşanacağını istisna etmirik. Bizim borcumuz şübhəli məqamları futbol ictimaiyyətinə çatdırmaqdı. Aidiyyatlı qurumları da silkələməkdi ki, əgər belə hal baş verəcəksə, indidən qarşısı alinsın. Alınacaqsa əgər. Axı, “Neftçi”nin danışılmış oyunlarla bağlı adı bir neçə dəfə hallanıb. Buna illər öncə Tovuzdakı “Turan” “Neftçi” oyununu misal gətirmək olar. İndi qayıdaq əsas məsələyə…
“Neftçi”nin avrokuboklara Premyer Liqa vasitəsi ilə yollanması daha real görünür. Ötən ilin bürünc mükafatçısı hazırda 3-cü pillədədi. Ən yaxın izləyicisi “Simurq”dan 7 xal öndə olan Avropa Liqasının qrup mərhələsində iştirak etmiş ilk Azərbaycan klubu de-fakto “bürünc”ü təmin edib. Özü də bu rahatlıq məhz “təyyarəçilər”lə görüşdən sonra yarandı. Əks halda həm Zaqatala təmsilçisi, həm də AZAL “bürünc” iddialarını irəli sürə bilərdilər. Kubokda isə nə desən baş verə bilər. Elə həmin AZAL da, büdrədə bilər(di), yarımfinalda isə “Simurq” da, “İnter” də, “Xəzər Lənkəran” da, “Qəbələ” də, “Qarabağ” da. Ağrımayan başını nəyə görə ağrıtmalısan ki? Heç kim təminat verə bilməz ki, “Neftçi” Kubokda adlarını sadaladığımız rəqibləri ikioyunluq dueldə sıradan çıxara biləcək. Kubok oyunu həmişə çempionat qarşılaşmalarından fərqlənib. Deməli, avrokuboklara aparan yolda “ağ-qaralar” üçün ən münasibi Premyer Liqadı. Üstəlik tale elə gətirib ki, Premyer Liqanın son turunda bu komandalar yenidən üz-üzə gələcəklər. Deməli, dünənki, oyun daxil 6 xala görə sonu bəlli olmayan Kubokdan əl çəkmək daha məntiqlidi. Mayın 28-də baş tutacaq son tur isə “Neftçi” üçün taleəhəmiyyətli ola bilər.
Bəs AZAL? “Təyyarəçilər” üçün çempionatda 4-cü yeri tutmaq onsuz da müşkül məsələdi. Kubokda isə yarımfinala yüksəldikdən sonra finala cəmi bir addım qalır. Dişini-dişinə qıcayıb finala da yüksəlmək mümkün görünür. Həlledici oyunda isə çempionla görüşsələr faktiki olaraq “Avropa pəncərələri” “təyyarəçilər”in üzünə açılır. Başqa sözlə, “qız evi də, oğlan evi də” bu sövdələşmədən razı qalmalıdı.
Əlbəttə, ¼ finalda qələbə qazanaraq, “Neftçi” bu mülahizələri alt-üst etmək imkanına malikdi. Belə olacağı təqdirdə hamıdan çox sevinən də biz olarıq. Çünki yarışın taleyi meydanda həll olunmalıdı, kabinetlərdə yox.
İndi isə “Neftçi”nin üzərinə düşən bir məsələ var ki, futbol içtimaiyyətini dünənki oyunun müzakirəsindən yayındırmaq. Baxın, əgər dünənki qarşılaşmada hakimin Kardozonu təhqir etməsi məsələsi olmasaydı “ağ-qaralar” mütləq başqa bir “əmma” ilə diqqəti oyunun müzakirəsindən yayındırmağa çalışacaqdılar. Bəli, hakimin futbolçunu təhqir etməsi yolverilməzdir. Əgər “Neftçi”nin əlində belə bir fakt varsa mütləq hakim cəzalanmalıdı. Amma Kardozonun bunu iddia etməsi bir az inandırıcı görünmür. Niyəsini də deyək.
“Ağ-qaralar” son zamanlar hər tur öncəsi və sonrası hay-həşir salmaqla futbol içtimaiyyətini o qədər bezirib ki, indi onların dediklərinə “köhnə nömrə” kimi heç kim təəcüblənmir. Necə deyərlər, “yalançının evi yandı heç kəs inanmadı”. Yaxşı, hakim cəzalansın deyək. Ay “Flaqman”, sənin Kardozon, Arazın, Ramosun, Elvinin və digər futbolçuların eşidilən və eşidilməyən dərəcədə hakimi söymür? Kardozonun oyun vaxtı hakimə öz dilində ana söyüşünü dəfələrlə eşitmişik. Təkcə futbolçu səviyyəsində yox, dəfələrlə “Neftçi” rəsmilərinin hakimə hücum çəkməsinin və təhqir etməsini şahidi də olmuşuq. Hətta, klubun müşavirinin hakimbaşı Xaqani Məmmədovu da təhqir etməsi yaddaşlardan silinməyib. Siz söyəndə yaxşıdı, amma söyüşünüz bumeranq effekti verəndə pis olur? Xeyr ola?
İdman mətbuatına bu axmaq varıantlarınızı dürtməklə nəyə nail olmaq istəyirsiz? Bütün hallarda əgər ortada təhqir sübutu varsa kimliyindən aslı olmayaraq cəzalanmalıdı. Bəs oyun alverçilərinin cəzasını kim verəcək? Onu da aidiyyatı qurumlardan gözləyək.
Danışılmış oyunlardan bütün dünya əziyyət çəkir. Hər yerdə var bizdə də var. Diğər ölkələrdə mübarizə mexanizmi də var, amma bizdə…
Vəziyyətdən aydın olur ki, bizdə söyüşlədi. Əgər belədirsə, biri də bizdən. Oyun alanın da, verənin də vicdanı olmaz. Vicdanı olmayanın vətəni, şərəfi olmaz./fanat.az



