Rusiya Seçki Komissiyası işğal olunmuş Ukrayna ərazilərinin 2024-cü ilin martına təyin edilmiş Rusiya prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın bu qərarı “beynəlxalq hüququ pozur”.
Elchi.az xəbər verir ki, Rusiya Seçki Komissiyası bu gün elan edib ki, Ukraynanın şərqində və cənubunda Rusiyanın işğal etdiyi rayonlar 2024-cü ilin martında keçiriləcək və böyük ehtimalla Vladimir Putinin yenidən seçiləcəyi Rusiya prezident seçkilərində iştirak edəcək.
Komissiya rəsmilərindən biri Nikolay Bulayev Tass agentliyinə açıqlamasında bildirib ki, Komissiya üzvləri bu reqlamentin təsdiqlənməsi barədə qərarı “yekdilliklə” qəbul ediblər.
Rusiya münaqişələrə, beynəlxalq ictimaiyyətin qınaqlarına və Moskvanın bu bölgələrə yalnız qismən nəzarət etməsinə baxmayaraq, 2022-ci ilin sentyabrında ilhaqını elan etdiyi bu bölgələrdə (Zaporojya, Xerson, Donetsk və Luqansk) artıq bir neçə seçki keçirib.
Ukrayna Xarici İşlər Nazirliyi ötən həftə bu bölgələrdə seçkilərin keçirilməsinin “boş və etibarsız” olduğunu və “beynəlxalq hüququ pozduğunu” bildirib.
Vladimir Putin cümə günü elan edib ki, 2024-cü il martın 17-də keçiriləcək prezident seçkilərində beşinci müddətə namizədliyini irəli sürəcək.
2020-ci ildə edilən konstitusiya dəyişikliyi ilə 2030-cu ildə yenidən namizəd olmaq səlahiyyəti verilən Rusiya prezidenti nəzəri olaraq 84 yaşı tamam olan 2036-cı ilə qədər Kremldə qala bilər.
Şayəstə Hüseynova






