Çin, Koreya yarımadasının qərbində, Sarı dənizdə dəniz donanması ilə təlimlərə başladığını bildirib.
Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Çin Xalq Azadlıq Ordusunun Şimal Cəbhəsi Komandanlığının dəniz donanması bir neçə gün ərzində Sarı dənizdə “dayanacaqsız dəniz təlimləri” keçirəcək.
Sarı dənizdə keçirilən təlimdə hava hücumundan müdafiə və sualtı qayıq əleyhinə raketlər daşıyan idarəolunan raket esminesi və üç freqat iştirak edir.
Raket və gəmi əsaslı atəş hücumları, hava və dəniz müdafiəsi, kəşfiyyat və əks-kəşfiyyat təlimlərinin keçiriləcəyi təlimin məqsədi “gəmilər arasında əməkdaşlıq imkanlarının artırılması”dır.
Qeyd edək ki, təlim dekabrın 14-də Koreya yarımadasının şərqində Yapon dənizində (Şərq dənizi) Çin və Rusiya təyyarələrinin birgə patrul uçuşlarından sonra baş tutub.
Cənubi Koreya 2 Çin və 4 Rusiya təyyarəsinin həmin gün “Koreya Hava Hücumundan Müdafiə və Tanıma Zonası”na (KADIZ) daxil olduğunu bildirib.
Yaponiya həmçinin 2 Çin və 2 Rusiya bombardmançısının Yapon dənizi (Şərq dənizi) üzərində uçduğunun aşkarlandığını açıqlayıb.
Hər iki ölkə ehtiyat və xəbərdarlıq məqsədi ilə bölgəyə döyüş təyyarələri göndərdiklərini açıqlayıb.
Nuranə Məmmədova






