Zaman-zaman təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların
qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə, on minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları Şərq tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Heydər Əliyev,
ümummilli lider
Xocalı soyqırımını, viran edilmiş Xocalını çox zor olsa da xatırladıq bu gün, vicdan əzabıyla, vicdan ağrısıyla- 26 fevral tarixinin 23-cü ildönümünü andıq… Bəşər yaranışından belə talanla üzləşməmişdi, Xocalı harayı tək haray görməmişdi bəlkə də həmin gecə… Biləsuvar rayon Mədəniyyət Evindəki bu günkü böyük izdiham da məhz faciə qurbanlarının əziz xatirəsinə ehtiram, onların ruhu qarşısında sayğı nümayişi idi hər kəs tərəfindən. Mərasim öncəsi Mədəniyyət evinin foyesində məktəblilərin rəsm-əl işlərindən ibarət Xocalı soyqırımını əks etdirən sərgiyə baxış keçirildi. Tədbirdə Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev Xocalı soyqırımının həyata keçirildiyi o dəhşətli gecənin ağrılı-acılı məqamlarından bəhs edərək, bildirdi ki, bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Soyqırım zamanı 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər şəhər sakini əsir götürüldü, 150 sakin isə itkin düşdü. Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Bu sırada H.Əliyev Fondunun vitze prezidenti Leyla xanım Əliyevanın danılmaz, örnək xidmətlərindən də bəhs etdi. Qüdrətli, gündən-günə inkişaf edən Azərbaycan hüquqi müstəvidə öz haqq səsini yüksəklərə çatdırmağı bacarır, istənilən şəraitdə yağı düşmənlərin layiqli cavabını verəcəkdir- deyə, başçı fikrini tamamladı. Məraimdə Başçının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərovanın Xocalı soyqırımı ilə əlaqədar rayon icra hakimiyyəti və bütün biləsuvarlılar adından xocalılara, eləcə də soyqırım qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı müraciəti dinlənildi. Daha sonra çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar, soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər. Tədbirdə təqdim edilən, rayonun tanınmış mədəniyyət işçilərinin təşkil etdikləri “Xocalıda talan var” adlı ədəbi-bədii kompozisiyasında tüküprədən səhnələrlə bir daha həmin müdhiş gecənin sağalmaz yaralarını gözlər önündə canlandırdılar. Bir neçə saat davam edən mərasimdə olduqca duyğulu, təsirli anlar yaşandı. Xocalıdan olan gənc oğlan sonda çıxış edərək öz kövrək, eyni zamanda qürur dolu nitqləri ilə bütün iştirakçıların gözlərini yaşartdı.
Samir QURBANOV,
“Region-Press”






