İsrailə bağlı onlarla gəmi Bab əl-Məndəb boğazında yaranan gərginliyə görə dünya dəniz nəqliyyatının qədim marşrutu olan Afrikanın cənub ucundakı Ümid burnuna doğru istiqamətini dəyişib.
Elchi.az xəbər verir ki, Süveyş Kanalı İdarəsinin məlumatına görə, İsrailə gedən gəmilərin marşrutunun dəyişdirilməsinə Yəməndə İranın dəstəklədiyi husilərin hücumları səbəb olub və bu gəmilərin üzmə müddətini daha 2 həftə uzadıb.
Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi dekabrın 17-də verdiyi açıqlamada noyabrın 19-dan etibarən 55 gəminin marşrutunun Bab əl-Məndəb boğazı yerinə Ümid burnuna yönəldiyini bildirib.
Qlobal daşıma platforması Freightos tərəfindən aparılan təhlilə görə, Çin limanlarından İsrailə daşınma qiymətləri noyabrda 40 futluq konteyner üçün 1975 dollardan dekabrda 2300 dolları ötüb.
Təhlillərə görə, Asiyadan İsrailə gedən gəmilərin Afrika ətrafında hərəkət etməsi üçün marşrutun 7 min mil uzun, yəni 10-14 gün olması, həmçinin Süveyş kanalı ilə müqayisədə daha yüksək yanacaq xərcləri deməkdir.
Qəzzada müharibə başlayandan bəri Çindən İsrailə daşıma xərcləri 46 faiz artıb.
Bundan əlavə, Danimarka mərkəzli Maersk kimi şirkətlər dekabrın 18-i bazar ertəsi verdikləri bəyanatda İsrail limanlarında boşaldılan bütün mallara “fövqəladə risklərə qarşı əlavə ödənişlər” tətbiq edəcəklərini açıqladılar.
Nuranə Məmmədova






